Ermənistan rəhbərliyi verdiyi məsuliyyətsiz bəyanatları və törətdiyi əməlləri ilə öz xalqını uçuruma sürükləyir. Bu fikir Ermənistanın baş naziri Nikol Paşinyanın “münaqişənin diplomatik həlli yoxdur” açıqlaması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin verdiyi açıqlamada yer alıb.
“Üzərində hər hansı təzyiq hiss etməyən və Azərbaycana qarşı təcavüz siyasəti çərçivəsində bu günədək törətdiyi çoxsaylı müxtəlif cinayət əməllərinə görə hüquqi məsuliyyətə cəlb edilməyən Ermənistan rəhbərliyi verdiyi məsuliyyətsiz bəyanatları və törətdiyi əməlləri ilə öz xalqını uçuruma sürükləyir”, - deyə XİN-in açıqlamasında bildirilir.
XİN qeyd edir ki, münaqişənin davamlı həllinin və bölgədə gərginliyin aradan qaldırılmasının yeganə yolu beynəlxalq hüququn aliliyi, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı və onlara hörmətin təmin edilməsi ilə mümkündür.
“Paşinyan “münaqişənin diplomatik həlli yoxdur” deyə açıqlama ilə çıxış edərək Ermənistanın işğalçı siyasətini davam etdirdiyini və bu ölkənin hazırkı rəhbərliyinin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını açıq şəkildə etiraf etmiş oldu”, - deyə açıqlamada vurğulanır.*
N.Abbasova