26.10.2020 12:14

MN: Ermənistan tərəfi yenidən Azərbaycanın mövqelərini atəşə tutur, Azərbaycan atəşkəs rejiminə riayət edir

Ermənistan silahlı qüvvələri Azərbacan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.

“Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir. Hazırda Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonları əraziləri düşmən tərəfindən atəşə tutulur. Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan Ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır”, - məlumatda deyilir.

Məlumata əsasən, bazar ertəsi yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub.

Həmçinin, MN Azərbaycanın hərbi aviasiyadan istifadə etməsi barədə Ermənistan tərəfinin məlumatını təkzib edib. "Azərbaycanın hərbi aviasiya vasitələrindən istifadə etməsi barədə Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti dezinformasiyadır. Azərbaycan əldə edilmiş yeni humanitar atəşkəs rejimi barədə razılığa riayət edir”, - Müdafiə Nazirliyindən bildirilib. **

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.