2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 94,9 mln. manat ($55,82 milyon) təşkil edib, bu da 2019-cu ilin yanvar-sentyabr aylarının göstəricisindən 71,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Üçüncü rübdə gəlirlər cəmi 22,9 milyon manat təşkil edib ($13,47 milyon).
“Gəlirlərin 58,9%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 29,6%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,6%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib”, - Komitədən bildirilir.
Hesabat dövründə ölkə üzrə mehmanxanalarda 806 min gecələmə keçirilib (azalma 69,8%). Gecələmələrin 56%-i Bakıda, 10.7%-i Qəbələdə, 3,6%-i Naftalanda, 4,7%-i Qubada, 6,1%-i Qusarda, 1,4% Şabranda, 1,1%-i Mingəçevirdə, Qaxda, Xaçmazda, 0,8%-i Gəncədə, 2,8%-i Lənkəranda, 7,9%-i digər rayonlarda mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 370,5 min təşkil edib ki (azalma 78,8%). Gecələmələrin 15,2%-i Rusiya Federasiyası, 10,3%-i Birləşmiş Ərəb Əmirlikləri, 3,1%-i İran, 7,3%-i Türkiyə, 6,1%-i Hindistan, 10,4%-i Səudiyyə Ərəbistanı, 6%-i Böyük Britaniya, 4,6%-i Küveyt, 1,4%-i Pakistan, 1,8%-i Qətər, 3,2%-i İsrail, 1,4%-i Qazaxıstan, 1,6%-i İraq, 2,2%-i ABŞ, 1,7%-i Almaniya, 1%-i Gürcüstan, 1%-i Belarus, 18,9%-i digər ölkələrin vətəndaşlarının payına düşüb.
Cari ilin 9 ayı ərzində mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 2019-cu ilin yanvar-sentyabr ayları ərzində 23,6%-ə qarşı 7% təşkil edib. Bu göstərici Bakıda 10%, Naftalanda 17,3%, Qubada 11,2%, Qusarda 9,6%, Beyləqanda 24%, Şabranda 12,1%, Biləsuvarda 9,7%, Qəbələdə 13,3% səviyyəsində olub.
DSK-dan qeyd olunur ki, bütün göstəricilər üzrə azalma bütün dünya üzrə turizm sənayesinə mənfi təsir göstərən koronavirus pandemiyası ilə şərtlənir. **
X.Nəsirzadə