Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin daha 4 ədəd hərbi texnikası məhv edilib.
“Noyabrın 8-i gün ərzində və 9-na keçən gecə düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd T-72 tankı, 1 ədəd D-30 topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb», - məlumatda qeyd olunur.
Nazirlikdən vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
“Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib”, - məlumatda qeyd olunur.
Məlumat verilir ki, hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. **
X.Nəsirzadə