Azərbaycan Qarabağda vurulan ziyana görə təzminatın ödənilməsi məqsədilə Ermənistanı beynəlxalq məhkəməyə verəcək. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“İşğaldan azad edilmiş torpaqların mənzərəsi onu göstərdi ki, bu düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, əks təqdirdə, bütün binaların sökülməsinə nə ehtiyac var? İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir”, - İham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Dövlət başçısı qeyd edib ki, dəymiş ziyanın hesablanması ilə bağlı göstəriş verilib.
“Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək.Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər”, - Əliyev bildirib.
“Onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər”, - Əliyev bəyan edib. **
B.Rüstəmbəyov