Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi Dağlıq Qarabağ münaqişəsinə kənardan müdaxilənin qarşısını aldı. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bu günlər ərzində əziz qardaşım, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəfələrlə öz təşəkkürümü bildirmişəm. Dünən də telefonla danışmışıq (...). Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Çünki prezidentin (Türkiyənin - İF), qardaşımın ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi”, - Əliyev bu gün1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
O qeyd edib ki, Qarabağda Ermənistan üzərində Qələbə Azərbaycanla yanaşı qardaş Türkiyədə də qeyd olunur.
“Bu təbiidir. Çünki biz bir millət, iki dövlətik. (...) Türkiyədən bizə dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir», - Əliyev bildirib. **
N.Abbasova