Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi Parisi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ermənipərəst siyasət yürütməkdə ittiham edib, bu da Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində mandatına ziddir.
“Qeyd etmək istırdik ki, Birtərəfli və açıq-aşkar ermənipərəst mövqeyi əks etdirən bəyanatla çıxış edən Fransanın xarici işlər üzrə naziri J.İ.Lö Drianın digər həmsədr ölkələri adından çıxış etmək səlahiyyəti yoxdur. Fransa xarici işlər nazirinin ölkəsinin həmsədr kimi mandatına uyğun olaraq, öz ölkəsinin daimi üzv qismində 1993-cü ildə lehinə səs verdiyi BMT TŞ qətnamələrinin tələblərinin yerinə yetirilməsi bəyanatları ilə çıxış etdiyini təəssüf ki, bu illər ərzində müşahidə etməmişik”, - XİN-in bəyanatında qeyd olunur.
Bundan başqa, XİN-dən vurulanır ki, Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğuna dərhal son verilməsi və bu ərazilərdən zorla qovulmuş insanların öz evlərinə geri dönməsi tələbinin Fransanın xarici siyasətə məsul qurumu tərəfindən nə zaman səsləndirildiyini xatırlamır.
“Yoxsa münaqişə nəticəsində yüz minlərlə azərbaycanlının fundamental insan hüquqlarının kobud şəkildə pozulması Fransanı maraqlandırmır?!”, - məlumatda qeyd olunur.
Eyni zamanda, XİN əlavə edib ki, Bakının beynəlxalq hüquqa tam uyğun şəkildə, beynəlxalq sərhədləri çərçivəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi və bir milyondan çox azərbaycanlının insan hüquqlarının bərpa olunması istiqamətində legitim səyləri Parisi narahat etməməlidir. **
X.Nəsirzadə