Azərbaycan prezidenti İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılacaq.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Bundan başqa, prezident İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə göstərilən avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmağı tapşırıb.
Sərəncamın mətni çərşənbə axşamı dövlət başçısının saytında dərc olunub. **
N.Abbasova