Azərbaycan Dağlıq Qarabağda atəşkəs razılaşmasının alternativsiz olduğunu tam təsdiqləyib. Bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Azərbaycan Prezidenti bu gün üçtərəfli bəyanatın bütün elementlərinin ardıcıl və vicdanla yerinə yetirilməsinə xüsusi diqqət yetirdi", - deyə Lavrov Bakıya səfərinin yekunları üzrə jurnalistlərə bildirib.
Nazir deyib ki, Rusiya ilə Azərbaycanın bölgədə etniklərarası və konfessiyalararası sülh və birgə yaşayış üçün şəraitin yaradılması zərurəti ilə bağlı mövqeyi üst-üstə düşür.
O vurğulayıb ki, Azərbaycan Prezidenti danışıqlar zamanı diqqətə çatdırıb ki, 9 noyabr tarixli bəyanatın qəbul edilməsi heç də hamının xoşuna gəlmir.
"Biz də qeyd edirik ki, bu bəyanatı şübhə altına almaq cəhdləri var, amma düşünürəm ki, bu cəhdlər uğurla nəticələnməyəcək. Hər şeydən əvvəl ona görə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ probleminin bu gün üçtərəfli birgə bəyanatın inkişafına və həyata keçirilməsinə xidmət edən prinsiplər əsasında həllinin zəruriliyini dəfələrlə vurğulayıblar", - deyə Lavrov əlavə edib.*