ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza ilə müsahibə.
- Cənab Brayza, siz uzun zaman ATƏT-in Minsk qrupunun həmsədri olmusunuz və bilavasitə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmusunuz. İrəvanın kapitulyasiyasından sonra bu gün bölgədə formalaşan vəziyyəti necə xaraketrizə edərdiniz?
- Noyabrın 10-da imzalanan, faktiki olaraq Ermənistan tərəfindən kapitulyasiyanın etirafı olan, bəyanat, həm diplomatik, həm də hərbi mənada Azərbaycan tarixində ən böyük qələbədir. Bu bəyanat özündə baza prinsiplərini ehtiva edən çərçivə müqaviləsidir. Baza prinsipləri üzərində biz Ermənistan və Azərbaycan liderləri ilə uzun illər ərzində işləmişik. Hətta, 10 noyabr 2020-ci il tarixli sənəd Bakı üçün Naxçıvana əlavə dəhlizin yaradılmasını təmin edir. Eyni zamanda, bəyanatda Dağlıq Qarabağın statusu barədə bir kəlmə belə yoxdur. Bu, rəsmi Bakı üçün böyük üstünlüklərdir.
Qeyd etmək istərdim ki, son həftələr ərzində Azərbaycan bütün dünyaya Türkiyə və İsrailin hərbi texnologiyalarının səmərəli istifadəsini, o cümlədən dağlarda hərbi əməliyyatların həyata keçirilməsi nöqteyi-nəzərindən taktiki bacarıqları nümayiş etdirdi. Azərbacan Ordusu Əfqanıstandakı amerikalı hərbçilərinin taktikasından istifadə etdi. Bütün bu təcrübə Azərbaycana imkan verdi ki, düşmənə dəqiq zərbələrin endirilməsi üçün PUA-lardan, xüsusi təyinatlı qüvvələrdən və artilleriyadan qüsursuz və səmərəli istifadə etsin.
Bakı sonunadək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq idi, eyni zamanda öz Ordusunu gücləndirirdi. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan hazırda baza prinsiplərinin olmadığı bəyan edərək danışıqlardan imtina etdi. Ermənistanın baş naziri aydın şəkildə bəyan edirdi ki, Bakı ilə sülh danışıqlarının aparılmaında maraqlı deyil.
Əminəm ki, bu gün bütün dünya Azərbaycanı Ermənistanla müharibəni qələbəyədək aparmaq imkanına malik olan dövlət olaraq qəbul etməlidir. Axı Azərbaycan tankları artıq praktiki olaraq Xankəndi və Ağdarədə idi. Lakin, prezident İlham Əliyev müdrik qərar qəbul edərək yersiz qan tökməkdən imtina etdi. Azərbaycanın dövlət başçısı vurğulayıb ki, Bakıda nə azərbaycanlı, nə də erməni hərbçiləri arasında itkilərin olmasını istəmirlər. Mülki əhali arasında da itkilər istəmirlər. Əliyev bəyan edib ki, Azərbayan Şuşanı qaytaranda artıq müharibəni udub.
- Türk hərbçiləri bölgədə sülhün təmin edilməsində iştirak edəcəklər?
- Şübhəsiz, türk hərbçilərinin Azərbaycan ərazisində olacaqları fantastikadır. Son iki yüzillik ərzində, hələ Osmanlı imperiyası dövründən etibarən, Türkiyə Cənubi Qafqaz ərazisində öz qoşunlarının olmasını arzu edib. Ancaq bu mümkün deyildi. İndi bu mümkün olub.
Və indi tarazlıq olacaq, çox böyük geostrateji tarazlıq. Düzdür, Vaşinqtonda və Parisdə Türkiyəni aqressiv davranışda, Azərbaycanın belə deyək, “aqressivliyinə” imkan yaratmaqda ittiham edirlər. Mən bununla razı deyiləm, lakin belə fikirlər Vaşinqtonda var. Bu ədalətsizlikdir.
Çox qəribə fikirlər dolaşır, guya Azərbaycan müharibə istəmirdi, Türkiyə isə Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə keçməsi üçün təzyiq edərək Bakını razı salıb. Mən isə hesab edirəm ki, Ankara heç bir təzyiq göstərməyib, Bakı özü müharibədə qələbə qazanmaq istəyirdi və Türkiyəni bu diplomatik və hərbi rolu oynaması üçün razı salmağa müvəffəq olub.
- Yuxarıda qeyd edilən bəyanata əsasən, ermənilər noyabrın 15-dək Kəlbəcər rayonunu tərk etməli idilər. Lakin, Azərbaycan prezidenti İlham Əliyev onların xahişinə cavab olaraq bu müddəti daha 10 gün uzatmağa razılıq verib. Siz bu addımı necə qiymətləndirirsiniz?
- Əminəm ki, yaxın gələcəkdə dünya Azərbaycan prezdentinin mövqeyini yüksək qiymətləndirəcək. Lakin hələlik dünya KİV-lərində guya suriyalı muzdluların iştirakı və Azərbaycan Ordusu tərəfindən hərbi cinayətlərin törədilməsinə dair feyk xəbərlər yayılır. Bütün bunlar əsassızdır və yalnız Ermənistanın təbliğat oyunu deməkdir.
Bir qədər zaman lazımdır ki, dünyada anlasınlar ki, əslində Azərbacan necə hərəkət edir, Kəlbəcər rayonunda Azərbacan rəhbərliyi necə humanizm nümayiş etdirir. Bu cür mövqe Bakıya böyük hörmət və etimad doğurur. Sadəcə bir qədər səbr etmək lazımdır. Əminəm ki, Azərbaycan bundan sonra da bu cür yüksək mənəviyyat sərgiləyəcək.
- Qarabağda müharibənin başa çatması Ermənistanda hansı siyasi nəticələrə gətirəcək?
- Ermənistan öz tarixində böyük faciə ilə üzləşib. Hesab edirəm ki, bu Nikol Paşinyanın siyasi həyatının sonu olacaq. İşin siyasət ilə məhdudlaşmaması mümkündür, çünki İrəvanda ona qarşı hansı planların qurulması bizə məlumdur. Bu gün ermənilər çox ciddi itki hissi keçirirlər və buna görə Paşinyana qarşı ciddi şəkildə kökləniblər.
İndi Ermənistanda nə baş verəcəyini demək və ya bu dövlətin növbəti rəhbərinin kim olacağını öncədək söyləmək çox çətindir. Ancaq mən dəqiq bilirəm ki, yaxın onilliklər ərzində İrəvan Azərbaycan ərazilərini bir daha işğal etmək imkanına malik olmayacaq.
Azərbaycan Ordusu öz gücünü və uğurlu hərbi taktikası və strategiyasını bütün dünyaya nümayiş etdirdi. Ermənistan nəinki silah almaq imkanına malik olmayacaq. Hətta, deyim ki, mən 100 faiz əminəm ki, Rusiya heç vaxt istəməz ki, Ermənistan Azərbaycana hücum etmək imkanına malik olsun.
Bir də. Ermənilər düşüncə tərzlərini dəyişməlidirlər. Ancaq əmin deyiləm ki, bu onlarda alınar.
- ABŞ-da növbəti prezident seçkiləri başa çatıb. Co Baydenin prezidentlik dövründə Azərbaycan-ABŞ münasibətləri necə inkişaf edəcək?
- Düşünürəm ki, çox yaxşı inkişaf edəcək, çünki cənab Bayden strateji təfəkkürə malik olan çox təcrübəli siyasətçidir. Yeni rəhbərlik dövründə Vaşinqton Cənubi Qafqaz regionu ilə əlaqədar məntiqi yolxanılmış siyasət yürüdəcək. Bayden həm Azərbaycanın, həm də Cənubi Qafqazın strateji əhəmiyyətini çox yaxşı anlayır. **
Söhbət etdi Rasim Babayev