Rəsmi Bakı Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnaməsini adi kağız parçası kimi qiymətləndirir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“İlk olaraq vurğulamaq istərdik ki, bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur. Senatın bu təxribatçı addımı Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin təzahürüdür”, - Hacıyev qeyd edib.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbulu ilə bağlışərhində deyib.
H.Hacıyev Senatın hərəkətlərini kəskin tənqd edərək bir daha xatırladıb ki, Fransa unutmamalıdır ki, vasitəçi ölkə bitərəf və ədalətli olmalıdır. Hacıyev hesab edir ki, Fransanın açıq ermənipərəst mövqeyi münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə mane olan əsas amillərdən biri olub.
“Məhz onun belə dəstəyi təcavüzkar Ermənistanı status-kvonu davam etdirməyə və işğal faktını gücləndirməyə həvəsləndirmişdir.Böyük təəssüf doğuran məqam odur ki, Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirmişdir”, - Hacıyev vurğulayıb.
Hacıyev qeyd edib ki, bu qətnamənin qəbulu “Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır”. “Fransa hökuməti bu kimi təxribatçı addımların yolverilməz olmasına dair rəsmi mövqeyini bildirməli və qətnaməni qınayan bəyanat verməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etməlidir, - Hacıyev əlavə edib. **
X.Nəsirzadə