Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin noyabr ayında valyuta hərraclarında $495,5 milyon məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF bu ilin oktyabr ayında valyuta hərraclarında $560,3 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, noyabr ayında xarici valyuta satışının həcmi oktyabr ayı ilə müqayisədə 11,7% azalıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin yanvar-noyabr aylarında ARDNF valyuta hərraclarında $6 milyard 665,9 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 16,8% - İF) satıb.
Mart ayında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb artsa da, martın 29-dan etibarən tədricən azalmağa başlayıb.
Hazırda ARDNF valyuta hərraclarında valyuta satışının əsas mənbəyi kimi çıxış edir.
ARDNF cari ildə valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.
Fond 2019-cu ildə valyuta hərraclarında $6 milyard 593,86 milyon məbləğində xarici valyuta satıb (2018-ci illə müqayisədə artım 2,1% - İF).**
A.Əzizov