09.12.2020 09:48

Azərbaycan noyabr ayında OPEC+ çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliyini 100% yerinə yetirib

2020-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft 587 min barel təşkil edib bu da oktyabr ayının göstəricisinə tam uyundur. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilir.

“Noyabr ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 686,2 min barel olub. Bunun 587 min barelini xam neft, 99,2 min barelini isə kondensat təşkil edib. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Bununla da Azərbaycan noyabr ayında "OPEC+" üzrə xam neft hasilatını orta günlük 587 min barel həcmində icra etməklə, "OPEC+" üzrə öhdəliyini 100% yerinə yetirib”, - nazirlikdən qeyd olunur.

Xəbər verildiyi kimi, Azərbaycan may ayında OPEC+ çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliyini 98% yerinə yetirib.

OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Birinci mərhələdə (2020-ci ilin may-iyun ayları) hasilat 9,7 milyon barel azaldılacaq.

Lakin OPEC və OPEC+ ölkələri nazirlərinin iyunun 6-da keçirilən görüşündə OPEC+ ölkələri birinci mərhələdə gündəlik hasilatın daha bir ay – iyulun sonunadək azaldılması ilə bağlı razılığa gəliblər.

May-iyun aylarında “OPEC plus” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 9,7 milyon barel, Azərbaycan üçün isə 164 min barel azaldılmasını nəzərdə tutur. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycanın öhdəlikləri avqust-dekabr aylarında bu göstəricidən 18% olmaqla 131 min barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 14% olmaqla 98 min barel müəyyənləşib.

AÇG-də hasilat 567 min bareldən azaldılaraq 461 min bareldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılmalıdır.

Cari ilin 3 dekabr tarixində "OPEC+" nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının "OPEC+" ölkələri tərəfindən 7,2 mln. barel, müvafiq olaraq ölkəmiz tərəfindən isə 123 min barel azaldılması nəzərdə tutulub. Bununla da, 2021-ci ilin yanvar ayında ölkə üçün təklif olunan gündəlik neft hasilatı 595 min barel səviyyəsində müəyyən edilib.**

N.Abbasova


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.