Baş Prokurorluq Dağlıq Qarabağ münaqişəsi zonasında cinayət törətmiş 4 azərbaycanlı hərbi qulluqçunun həbs edilməsi barədə məlumat yayıb.
Məlumatda deyilir ki, istintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kiçik gizir kimi xidmət aparan Rəşad Əliyev və Qardaşxan Abışovun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə əsaslı şübhələr müəyyən olunub.
Həmçinin, istintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin əsgərləri Arzu Hüseynov və Ümid Ağayevin Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə şübhələr üçün əsaslar müəyyən olunub.
“Onların barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - deyə məlumatda vurğulanır.*
A.Əzizov