İğdır-Naxçıvan qaz kəmərinin tikintisi 12 ay davam edəcək və 2022-ci ildə başa çatacaq. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez deyib.
"Güman edirik ki, İğdır-Naxçıvan qaz kəmərinin tikintisi üzrə tender 2021-ci ilin birinci rübündə başa çatacaq. Biz qaz kəmərinin tikintisini 12 ay ərzində başa çatdırmağı hədəfləmişik", - deyə o bildirib.
Nazirin sözlərinə görə, 2020-ci ilin fevral ayında Azərbaycan və Türkiyə prezidentləri arasında İğdır-Naxçıvan qaz kəmərinin tikintisi ilə bağlı razılaşma əldə edildikdən sonra Türkiyənin BOTAS şirkətinə bu layihə çərçivəsində mühəndis tədqiqatlarının aparılması tapşırılıb.
"Oktyabr ayında BOTAS bu işləri başa çatdırıb. Hazırda qaz kəmərinin tikintisi üçün tenderin keçirilməsi istiqamətində hazırlıq işləri aparılır", - deyə F.Dönmez əlavə edib.
2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.
F.Dönmez bildirib ki, İğdır-Naxçıvan qaz boru kəmərinin illik ötürmə gücü 500 milyon kubmetr təşkil edəcək. Bu, Naxçıvana gündəlik 1,5 milyon kubmetr qaz nəql etməyə imkan verəcək. Bu qaz kəməri ilə Türkiyədən Naxçıvana Azərbaycan qazı nəql olunacaq. Sözügedən layihənin həyata keçirilməsi ilə SOCAR və BOTAŞ şirkətləri məşğul olacaq.
Türkiyə ərazisində İğdır-Naxçıvan boru kəmərinin uzunluğu təxminən 85 km təşkil edəcək. Layihə çərçivəsində bir qaz ölçmə stansiyasının inşası da planlaşdırılır.
Ümumi uzunluğu 160 km (Naxçıvandan Türkiyə ilə sərhədə qədər və İğdırdan Naxçıvan sərhədinə qədər) olan İğdır-Naxçıvan qaz kəmərinin tikintisi məsələsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri çərçivəsində 2020-ci il fevralın 25-də müzakirə edilib.
Hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir.*
N.Abbasova