Dağlıq Qarabağda sülməramlı əməliyyatın başlanmasından bu günə kimi ciddi insidentlərin baş verməsinə yol verilməyib. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“Noyabrın 10-da əldə olunan üçtərəfli razılığa müvafiq olaraq Rusiya hərbi kontingenti tərəfindən Dağlıq Qarabağda sülhməramlı əməliyyat uğurla həyata keçirilir. Bu günə kimi bir dənə də olsun ciddi insidentin baş verməsinə yol verilməyib”, - deyə o, bu gün keçirilən illik kollegiya iclasında bildirib.
Şoyqunun sözlərinə görə, qısa müddət ərzində Rusiya qoşunları təyin olunmuş rayonlarda yerləşdiriliblər və 23 müşahidə postunda öz vəzifələrinin icrasına başlayıblar.
“Rusiya sülhməramlılarının rəhbərliyi ilə Azərbaycan və Ermənistan tərəfləri arasında “hamının hamıya” prinsipi əsasında hərbi əsirlərin mübadiləsi baş tutub. Eləcə də həlak olanların meyitlərinin mübadiləsi olub”, - deyə o əlavə edib.
Rusiyalı nazir qeyd edib ki, sülhməramlıların köməyi ilə Laçın dəhlizi ilə mülki nəqliyyatın təhlükəsiz hərəkəti dəstəklənir. Həmçinin Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi həyata keçirilir - ümumilikdə 6 mindən çox partlayıcı predmet zərərsizləşdirilib.
“Rusiyalı sülhməramlıların yerləşdirilməsi üçün 330 nəfərlik iki müasir modul tipli şəhərcik qurulub. Gələn ilin 1 aprel tarixinədək 32 şəhərcik quracağıq. Nəticədə sülhməramlıların xidmət aparmaları və məişəti üçün rahat şərait yaradılacaq”, - deyə Şoyqu əlavə edib.*