Ermənistanın baş naziri bəyan edib ki, Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi prosesində iki yaşayış məntəqəsi ilə bağlı problemlər yarana bilər.
"Bunlar sərhədlərlə bağlı müəyyən sualların olduğu Vorotan və Şurnux yaşayış məntəqələridir və onlar ağrılı vəziyyətlərə səbəb ola bilər. Lakin əmin etmək istəyirəm ki, vətəndaşlarımızın maraqları tam qorunacaq. Vətəndaşların mümkün əmlak itkiləri hökumət tərəfindən tam kompensasiya olunacaq", - deyə Paşinyan bu gün hökumətin iclasında bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsi prosesi demarkasiya və ya delimitasiya deyil.
"Sərhəd məntəqələrinin dəqiqləşdirilməsi prosesi gedir, məqsəd təhlükəsizliyin təmin edilməsidir. Biz Sünik vilayətinin təhlükəsizliyini artırırıq, təhlükəsizliyə yeni zəmanət sistemi yaradırıq. Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir millimetrinin belə güzəşt edilməsindən söhbət gedə bilməz. Bu proseslər sərhədlərin delimitasiyası və ya demarkasiyası anlamına gəlmir", - deyə Paşinyan əlavə edib.*