Azərbaycan hökuməti pensiyaların artırılması prosesini 2021-ci ildə davam etdirəcək. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev belə hesab edir.
"Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsində pensiyaların sığorta hissəsinin artırılması üçün 338 milyon manat nəzərdə tutulub", - deyə Quliyev bu gün parlamentin plenar iclasında bildirib.
O qeyd edib ki, gələn il ölkə üzrə orta aylıq pensiya 338,9 manat (2020-ci ilin sonuna olan proqnozla müqayisədə artım 12,6%), əmək pensiyası isə 370 manat səviyyəsində proqnozlaşdırılır.
"Bundan başqa, orta aylıq pensiyanın məbləğinin orta aylıq əmək haqqına nisbətinin artmasını qeyd etmək lazımdır. Əgər 2020-ci ilin sonuna bu göstərici 43% səviyyəsində proqnozlaşdırılırsa, 2021-ci ildə 48,1% təşkil edəcək", - deyə komitə sədri bildirib.*
Ə.Məmmədov