Milli Məclisin bu gün keçirilən iclasında 2021-ci il dövlət büdcəsinin layihəsi üçüncü oxunuşda qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
2021-ci il dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat (2020-ci ilin proqnozu ilə müqayisədə artım 5,4%), xərcləri 28 milyard 543 milyon manat məbləğində (artım 3,8%) proqnozlaşdırılır.
2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 116 milyon manat məbləğində nəzərdə tutulur, büdcə kəsirinin ÜDM-ə nisbəti 4,1% təşkil edəcək.
2021-ci ildə dövlət büdcəsinin gəlirləri neftin 1 barelinin qiyməti $40 olmaqla (2020-ci il üçün $35) hesablanıb.
2021-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 54,2%-i və ya 13 milyard 776 milyon manatı neft sektorunun, 45,8%-i və ya 11 milyard 651 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2020-ci ilin proqnozu ilə müqayisədə qeyri-neft sektorunun gəlirləri 15% çox olacaq.
2021-ci ildə dövlət büdcəsi gəlirlərinin 7 milyard 250 milyon manatı (2020-ci illə müqayisədə artım 1%) və ya 28,5%-i Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 3,9 milyard manatı (artım 1,8%) və ya 15,3%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 12 milyard 200 milyon manatı (dəyişməz qalıb) və ya 48%-i Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 3,5%-i Dövlət borcu və zəmanəti üzrə öhdəliklərinTəminat Fondundan transfertin, 1%-i Mərkəzi Bankın mənfəətindən ayırmaların, 2,7%-i büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 1%-i isə sair gəlirlərin payına düşür.
2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 11 milyard 111,9 milyon manat məbləğində (artım 5,3%) proqnozlaşdırılıb ki, bu da büdcə xərclərinin 38,9%-ni təşkil edir.
Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 63,1%-i həcmində və ya 18 milyard 14 milyon manat, əsaslı xərclərə 29,2%-i həcmində və ya 8 milyard 330,3 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 7,7%-i həcmində və ya 2 milyard 198,8 milyon manat vəsait yönəldiləcək. 2020-ci illə müqayisədə dövlət borcuna xidmətlə bağlı xərclər 27,4% artacaq.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 124 milyon manat, xərcləri üzrə proqnoz 27 milyard 492,2 milyon manat təşkil edir, kəsir 3 milyard 368,2 milyon manat və ya ÜDM-in 4,9%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov