2021-ci ildə region və MDB ölkələri arasında Azərbaycan Könüllü Milli İcmal təqdim edəcək ilk ölkə olacaq. Bu barədə Xariciİşlər Nazirliyindən bəyan edilib.
“BMT-nin İqtisadi və Sosial Şurasının himayəsi altında Dayanıqlı İnkişaf üzrə 2021-ci ildə keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum zamanı ölkəmizin növbəti Könüllü Milli İcmal təqdim etməsinə dair qərar qəbul edilib. Beləliklə, region və MDB ölkələri arasında Azərbaycan Könüllü Milli İcmal təqdim edəcək ilk ölkə olacaq”, - 2020-ci ilin yekunlarına dair Xarici İşlər Nazirliyininbəyanatında qeyd olunur.
Azərbaycan ilk dəfə 2017-ci və 2019-cu ildə 2 Könüllü Milli Hesabat təqdim edib.
Eyni zamanda, bildirilir ki, il ərzində “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” və “BMT-nin İnkişaf Proqramının 2021-2025-ci illər üçün Azərbaycan üzrə ölkə proqramı sənədi” layihələri razılaşdırılıb.
“Cari ildə Azərbaycanın hərtərəfli inkişaf strategiyasına xidmət edən xarici siyasət fəaliyyətində xüsusi diqqət iqtisadi münasibətlərin inkişafı, enerji təhlükəsizliyin təminatı və transregional infrastruktur layihələrin irəliləməsinə ayrılıb. Beynəlxalq ticarət əlaqələrinin təşviqi, ixrac potensialının və yerli sənaye məsullarının beynəlxalq rəqabətliyinin artırılması, yüksək texnologiyalar və innovasiyaların tətbiqi, həmçinin qlobal və regional beynəlxalq iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi xarici iqtisadi siyasətin prioritet istiqamətlərini təşkil edir”, - XİN-dən vurğulanır. **
X.Nəsirzadə