Mərkəzi Bank (AMB) pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət tərəfindən dəstəklənməsi tədbirlərinin müddətini 1 aprel 2021-ci il tarixinədək uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Daha əvvəl sözügedən tədbirlərin 1 yanvar 2021-ci il tarixinədək tətbiq edilməsi nəzərdə tutulurdu.
AMB qeyd edir ki, tədbirlər paketinə əhalinin, iqtisadiyyatın və bank sektorunun dəstəklənməsi, bir sıra iqtisadi subyektlərin ödəniş xidmətləri üzrə xərclərinin azaldılması, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və pandemiyanın kapital bazarı iştirakçılarına mənfi təsirinin azaldılması daxildir.
“Bu tədbirlər çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərin dəstəklənməsi istiqamətində İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiyası davam etdiriləcək. 1 mart 2020-ci il tarixinədək verilmiş kreditlərin keyfiyyəti pisləşdirilməyəcək, pandemiya ilə əlaqədar gecikmə ilə bağlı məlumatlar 2021-ci il aprelin 1-dək kredit bürosuna kredit tarixçəsi pisləşdirilmədən xüsusi qeydlə təqdim olunacaq”, – deyə məlumatda bildirilir.
İqtisadiyyatın pandemiyadan təsirlənmiş sahələrində fəaliyyət göstərən sahibkarlara da requlyativ dəstək davam etdiriləcək. 1 aprel 2021-ci il tarixinədək restrukturizasiya zamanı sahibkarlara verilmiş kreditlərin keyfiyyəti pisləşdirilməyəcək, kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq. AMB, həmçinin dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasını da davam etdirəcək. Kreditlərin keyfiyyəti pisləşdirilməyəcək, gecikmə isə 1 aprel 2021-ci il tarixinədək kredit tarixçəsinə təsir göstərməyəcək.
Bununla yanaşı, banklara əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması tövsiyə edilib.
Dəstəkləyici tədbirlər paketi 1 sentyabr 2020-ci il tarixinədək qüvvədə olsa da, daha sonra bu müddət 1 yanvar 2021-ci il tarixinədək uzadılmışdı.*
Ə.Məmmədov