Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstanın baş naziri Boyko Borisov yanvarın 1-də baş tutmuş telefon danışığı zamanı Azərbaycan qazının Bolqarıstana nəqlinə başlanılmasını müzakirə ediblər. Bu barədə Bolqarıstan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
"İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, 2020-ci il dekabrın 31-də Azərbaycandan Bolqarıstana qaz nəqlinə başlanılıb, illik ixrac həcmi 1 milyard kubmetr təşkil edəcək.
"Əliyev və Borisov Bolqarıstana qaz nəqlinin tam şaxələndirilməsi məsələsini müzakirə ediblər. Borisov əmindir ki, Bakının Sofiya vasitəsilə nəinki respublikaya, həm də Avropaya daha çox mavi yanacaq nəql etməsi üçün hər iki ölkə ticarət və energetika sahələrində əlaqələrini bundan sonra da inkişaf etdirmək potensialına malikdir", - deyə məlumatda vurğulanır.
"Telefon danışığı zamanı baş nazir Bolqarıstan ilə Azərbaycan arasında bütün səviyyələrdə yüksək əməkdaşlığın olduğunu qeyd edib, mədəniyyət sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb", - deyə məlumatda bildirilir.
Borisov Əliyevi Bolqarıstana səfər etməyə və modernləşdirilmiş kompressor stansiyalarının işi ilə tanış olmağa dəvət edib. "Azərbaycan Prezidenti ən yaxın zamanda Bolqarıstana səfər etməkdən məmnun olacağını bildirib", - deyə məlumatda qeyd olunur.*