2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən 4%-dən bir qədər çox azalıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Prezident İlham Əliyev deyib.
“Baxmayaraq ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Bizim iqtisadiyyatımız təqribən 4%-dən bir qədər çox azalıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Amma, eyni zamanda, onu da bildirməliyəm ki, qeyri-neft sənayemiz 11%-dən çox artıb. Nəyin hesabına? Məhz şaxələndirmə hesabına”, - deyə dövlət başçısı 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda neftin hasilatı azalır. “OPEC+ razılaşmasına görə biz özümüz də azaltmışıq. Neftin qiyməti aşağı düşüb. Əgər bu neft amili olmasaydı, bizim iqtisadiyyatımız bəlkə də daha az düşərdi”, - deyə İ.Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, 2020-ci ildə kənd təsərrüfatı 2% artıb.
“Neft Fondunun vəsaiti azalmayıb, artıb. Bu, bəlkə də bir çoxları üçün təəccüblüdür. Çox yox, amma təqribən 0,5% artıb. Deməli, biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik”, - deyə o əlavə edib.
İ.Əliyev bildirib ki, 2020-ci il dekabrın 31-də Azərbaycan qazının Avropaya ilk nəqlinə başlanılıb. “Bu, bizim tarixi nailiyyətimizdir. Çünki Cənub Qaz Dəhlizinin təşəbbüskarı da bizik. Əminəm ki, bu layihələrin işlənməsi bizə əlavə dividendlər gətirəcək - həm iqtisadi, həm siyasi”, - deyə dövlət başçısı vurğulayıb.*
A.Əzizov