2020-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft hasilatı 587 min barel təşkil edib ki, bu da noyabr göstəricisinə uyğundur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“Dekabr ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 688,8 min barel olub. Bunun 587 min barelini xam neft, 101,8 min barelini isə kondensat təşkil edib. Azərbaycan dekabrda xam neft hasilatını sutkada 131 min barel azaldıb. Ölkənin gündəlik hasilatın 2018-ci ilin oktyabr ayına olan göstəricidən 131 min barel - 587 min barelədək azaldılması ilə bağlı öhdəliyi nəzərə alınmaqla dekabrda “OPEC+” üzrə öhdəlik 100% yerinə yetirilib", - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, Azərbaycan 2020-ci ilin may ayında OPEC+ çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliyini 98%, iyunda 100,1%, iyulda 99,9%, avqustda 101,8%, sentyabrda 101,5%, oktyabrda 100%, noyabrda 100% yerinə yetirib.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib.
May-iyun aylarında “OPEC plus” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 9,7 milyon barel, Azərbaycan üçün isə 164 min barel azaldılmasını nəzərdə tutur. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycanın öhdəlikləri avqust-dekabr aylarında bu göstəricidən 18% olmaqla 131 min barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 14% olmaqla 98 min barel müəyyənləşib.
AÇG-də hasilat 567 min bareldən azaldılaraq 461 min bareldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılmalıdır.
Xəbər verildiyi kimi, OPEC+ ölkələri nazirlərinin dekabrın 3-də keçirilmiş iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 milyon barel azaldılması barədə qərar qəbul edilib. Beləliklə, yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 milyon barel, qeyri-OPEC ölkələri isə 2,636 milyon barel azaldacaqlar. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barel olacaq. Yəni yanvar ayında Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq istehsalı 595 min barel səviyyəsində saxlamalıdır.*
N.Abbasova