12.01.2021 19:05

Azərbaycan prezidentinin fərmanı - Medianın İnkişafı Agentliyi yaradılır

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

Agentliyin nizamnamə fondu 285,405 min manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və altı üzvdən ibarət Müşahidə Şurası həyata keçirir. Agentliyin fəaliyyətinə cari rəhbərliyi Azərbaycan prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.

Agentliyin işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləği barədə təkliflərini bir ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına “Media haqqında” Azərbaycan Respublikası qanununun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.

Fərmanın mətni dövlət başçısının saytında dərc olunub. **

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.