Yanvarın 13-də İslamabadda Pakistan İslam Respublikası, Türkiyə Respublikası və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair bəyannamə imzalanıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.
Bəyannamədə qeyd olunur ki, tərəflər üçtərəfli ticarət və investisiyaların genişləndirilməsi üçün əməkdaşlığı gücləndirməyə və dərinləşdirməyə qərar veriblər və üç ölkənin müvafiq nazirliklərini rüsumların azaldılması, tarif və qeyri-tarif maneələri, nəqliyyat xərcləri, bank sektorları arasında daha yaxşı əlaqələndirmə və qarşılıqlı investisiyaların qorunması ilə bağlı konkret tövsiyələri əks etdirən möhkəm bir Fəaliyyət Planı hazırlamağa çağırıblar.
Tərəflər, həmçinin nəqliyyat, ticarət, enerji, insanlar arasındakı əlaqələr, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində, o cümlədən müxtəlif regional forumlarda hava, dəmir yolu və avtomobil əlaqələri və regional bağlılıq təşəbbüslərinin təkmilləşdirilməsi və gücləndirilməsi yolu ilə regional bağlılıq üzrə əməkdaşlığı inkişaf etdirməyə qərar veriblər.
Bundan başqa, tərəflər qida və enerji təhlükəsizliyi, ətraf mühit, davamlı inkişaf və iqlim dəyişikliyi mövzusunda əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıblar və 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə vaxtında cavab vermək və nail olmaq üçün daha geniş beynəlxalq əməkdaşlığa çağırıblar.
Tərəflər müdafiə və təhlükəsizlik sahələrində, o cümlədən qabaqcıl təcrübələrin bölüşdürülməsi, potensialın artırılması, yeni və inkişaf etməkdə olan texnologiyalar və müntəzəm səfər mübadiləsi yolu ilə əməkdaşlığın təşviq olunmasına sadiq qalıblar.
Eyni zamanda, tərəflər Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasını və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq normallaşdırılmasını dəstəklədiklərini bir daha təkrar ediblər.
Qəbul edilmiş qərara əsasən, növbəti üçtərəfli görüş 2022-ci ildə Türkiyədə keçiriləcək.*
B.Rüstəmbəyov