Qarabağda məscidləri dağıdan Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz. Bunu Prezident İlham Əliyev deyib.
“Ermənistan məscidlərimizi dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox”, - deyə dövlət başçısı Şuşa şəhərinə səfəri zamanı bildirib.
O qeyd edib ki, bunu dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan edib, müsəlman ölkələrinin liderlərinə müraciət edərək həm ikitərəfli formatda, həm çoxtərəfli görüşlər əsnasında, beynəlxalq tədbirlərdə deyib.
“Ermənistan daim çalışır ki, müsəlman ölkələri ilə münasibətlər qursun, bəzi ölkələrlə münasibətləri inkişaf etdirsin, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə versin. Hamısı yalandır. Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb. Ermənistanı dost ölkə kimi qəbul etmək riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər”, - deyə prezident vurğulayıb.
O bildirib ki, Şuşa işğaldan azad olunandan sonra şəhəri erməniləşdirmə cəhdlərinə son qoyulub. “Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi. Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!”, - deyə İ.Əliyev vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan Qarabağda dağıdılmış bütün məscidləri bərpa edəcək.*
X.Nəsirzadə