Şuşaya səfər edən Prezident İlham Əliyev Dağlıq Qarabağda doğulmuş dahi şəxsiyyətlərin büstlərini şəhərə gətirib.
“Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Mənfur düşmən Qarabağın mədəniyyət müəssisələrini dağıdıb”, - deyə dövlət başçısı dahi şəxsiyyətlərin büstlərinin Şuşada yenidən əvvəlki yerlərinə qoyulması mərasimində bildirib.
O qeyd edib ki, 20-ci əsrin 90-cı illərində ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən pulla alındı.
“O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident əlavə edib ki, bu gün bu büstlər əvvəlki yerlərinə qoyulub.*
X.Nəsirzadə