Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin ləğv edilməsi haqqında” fərman imzalayıb.
Müvafiq fərman dövlət başçısının saytında dərc olunub.
Prezidentin digər fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.
Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti yaradılır.
Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Agentliyin nizamnaməsinin layihəsini 15 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabinetinə Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etmək tapşırılıb.*
X.Nəsirzadə