Türkiyə fevralın 1-dən 12-dək Qarsda hərbi təlimlər keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Türkiyənin "Haberturk" nəşrinə istinadən məlumat yayıb.
"Əldə edilən məlumata görə, Türkiyə Silahlı Qüvvələri son dövrlərin ən irimiqyaslı qış təlimlərinə hazırlaşır. Təlimlər fevralın 1-dən 12-dək Qarsda keçiriləcək. Azərbaycan Silahlı Qüvvələrinin də iştirak edəcəyi təlimlərə tank bölükləri, artilleriya batareyaları, snayper komandaları, xüsusi təyinatlılar komandanlığının şəxsi heyəti, xüsusi təyinatlılar və helikopterlər cəlb olunacaq”, - deyə məlumatda bildirilir.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri birgə atış təlimlərində iştirak edəcək.
"Təlimlərin keçirilməsində məqsəd birgə əməliyyatların aparılması zamanı əməkdaşlıq və əlaqələndirmənin təmin edilməsi, silahlanmada olan, anbara yeni daxil olan və ya müdafiə sənayesi müəssisələri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin iş qabiliyyətinin yoxlanılmasıdır",- deyə məlumatda bildirilir.
Bundan başqa, güclü qar və şaxtada atış daxil olmaqla qoşunların döyüş qabiliyyətinin yoxlanılması, qış şəraitində hazırlıq səviyyəsinin artırılması, çöl şəraitində ərazidə yerləşmə, təchizat və texniki xidmət, habelə komandanlıq sistemlərinin işinin təmin edilməsi təlimlərin məqsədləri arasında yer alır.*
N.Abbasova