2021-ci ildə Azərbaycanda 4 DOST mərkəzinin açılması planlaşdırılır. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
"Yaxın vaxtlarda Bakının Binəqədi rayonunda dördüncü DOST mərkəzinin açılışını planlaşdırırıq. Bu mərkəzdə Nərimanov rayonundan olan vətəndaşlara da xidmət göstəriləcək. Bununla yanaşı, cari ilin ikinci rübündə Abşeron rayonunda 500 minə yaxın insana xidmət göstərəcək DOST mərkəzi açmağı planlaşdırırıq", - deyə Babayev Real TV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu ilin sonuna qədər Bərdə və Quba rayonlarında da iki regional DOST mərkəzi açılacaq.
"Bu mərkəzlər üzrə layihələndirmə işləri başa çatıb, tezliklə təmir-tikinti işlərinə başlanılacaq. Beləliklə, cari ildə dörd DOST mərkəzini istifadəyə verməyi planlaşdırırıq ki, nəticədə onların sayı 7-yə çatacaq", - deyə Babayev qeyd edib.
Nazir əlavə edib ki, Sabirabad, Sumqayıt, Gəncə və Şəkidə də analoji mərkəzlərin tikintisi üzrə ilkin layihə-smeta sənədlərinin tərtib edilməsi işlərinə başlanılıb.
"Sözügedən obyektlərin tikintisinə bu il üçün nəzərdə tutulan DOST mərkəzləri açıldıqdan sonra gələn il başlayacağıq", - deyə o qeyd edib.
2025-ci ilədək ölkədə 31 DOST mərkəzinin yaradılması planlaşdırılır.
DOST mərkəzlərində vətəndaşlara 126 adda sosial xidmət göstəriləcək, bunların 91-i elektron formada olacaq. Hazırda DOST mərkəzində 20-dən artıq elektron xidmət göstərilir.*
B.Rüstəmbəyov