Azərbaycan prezidenti İlham Əliyev sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Dövlət başçısının saytında dərc olunan fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır.
Yeni Agentliyin tərkibinə Azrbaycanda fəaliyyət göstərən bütün sənaye parkları (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələri (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparklar daxil olacaq.
Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 7 üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Agentliyin fəaliyyətinə cari rəhbərliyi 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. Müşahidə Şurasının 4 İqtisadiyyat Nazirliyi, 3 üzvünü isə aşağıdakı dövlət qurumları təyin edirlər: Kənd Təsərrüfatı Nazirliyi; “Azərişıq” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC. müşahidə Şurasının sədri və İdarə Heyətinin üzvləri iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Nazirlər Kabinetinə iki ay müddətində Agentliyin nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılır.
Hazırda SKSP Azərbaycanda 4 sənaye parkının operatorudur - Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Balaxanı Sənaye Parkı.
Hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları və Neftçala, Masallı və Hacıqabul sənaye məhəllələri fəaliyyət göstərir. Sabirabad və Şərur sənaye məhəllələri isə yaradılma mərhələsindədir.
2019-cu ildə sənaye parklarının rezidentləri nəzərdə tutulan $3,8 milyard məbləğində investisiya qoyuluşundan $3,4 milyardını artıq yatırıblar.
Sənaye məhəllələrinin rezidentləri tərəfindən isə planlaşdırılan 137 milyon manatın 65 milyon manatdan çox hissəsi yatırılıb.
Respublikada ümumi sahəsi təxminən 200 min ha olan 51 aqroparkın yaradılması planlaşdırılır və bu məqsədlər üçün investisiya qoyuluşları 2,4 milyard manat məbləğində qiymətləndirilir. **
B.Rüstəmbəyov