Bazar günü İran XİN başçısı Məhəmməd Cavad Zərif Azərbaycana ikigünlük səfərə gəlib. Bu barədə İranın IRNA agentliyi məlumat verir.
“İnşallah, sabah (bazar ertəsi - İF) Dağlıq Qarabağın bərpası, hazırki vəziyyəti, əməkdaşlıq və burada sabitliyin qorunması məqsədilə Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcəyik. Şadıq ki, Azərbaycan öz torpaqlarını qaytarıb”, - IRNA Zərifin Bakıdakı sözlərindən sitat gətirir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, İran istəyir ki, Azərbaycanın azad olunmuş ərazilərinin sakinləri tezliklə öz yurdlarına qayıtsınlar.
“Həmçinin biz Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri ilə bağlı məsələləri müzakirə edəcəyik”, - o əlavə edib.
Zərif vurğulayıb ki, Azərbaycandan başqa Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər etməyi planlaşdırır. “Əsas müzakirə mövzusu – bizim üçün çox vacib olan regional əməkdaşlıq, həmçinin İslam Respublikasının çox yaxşı və sıx münasibətləri olduğu bütün bu ölkələrlə ikitərəfli əlaqələrdir”, - İranın xarici işlər naziri qeyd edib. **
R.Əhmədov