2020-ci ildə Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 2019-cu illə müqayisədə 3,9 dəfə azalaraq 116,8 milyon manat ($68,7 milyon) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
IV rübdə gəlirlər cəmi 21,9 milyon manat ($12,9 milyon) təşkil edib.
“2020-ci ildə gəlirlərin 60,2%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 29%-i ictimai iaşə xidmətlərindən, 2,5%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,3%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib”, – deyə məlumatda bildirilir.
2020-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 3,3 dəfə azalaraq 999,8 min olub. Mehmanxanalarda keçirilmiş gecələmələrin 58%-i Bakıda, 9,7%-i Qəbələdə, 5,5%-i Qusarda, 4,1%-i Qubada, 3,2%-i Lənkəranda, 3,1%-i Naftalanda, 2,4%-i Naxçıvan Muxtar Respublikasında, 1,9%-i Şabranda, 1,2%-i Mingəçevirdə, hər birində 0,9% olmaqla Gəncə, Xaçmaz, Qax və Şamaxıda, hər birində 0,7% olmaqla Masallı və Zaqatalada, 5,9%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 5,4 dəfə azalaraq 416,7 min olub ki, bu da ümumi gecələmələrin 41,7%-ni təşkil edir. Gecələmələrin 14,4%-i Rusiya Federasiyası, 9,2%-i Səudiyyə Ərəbistanı, 9,2%-i Birləşmiş Ərəb Əmirlikləri, 8,7%-i Türkiyə, 6,5%-i Böyük Britaniya, 5,6%-i Hindistan, 4,1%-i Küveyt, 3,5%-i İsrail, 2,8%-i İran, 2,3%-i ABŞ, 2%-i İtaliya, 1,9%-i Almaniya, 1,7%-i Qətər, 1,4%-i İraq,1,4%-i Qazaxıstan, 1,3%-i Pakistan, 1,3%-i Ukrayna, 1,1%-i Belarus, 0,9%-i Gürcüstan, 20,7%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Statistik məlumatlara görə, 2020-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 6,5% səviyyəsində olub (2019-cu ildə 22,1%). Bu göstərici Beyləqanda 23%, Şabranda 15,5%, Naftalanda 13,7%, Qəbələdə 11,2%, Bakıda 9,6%, Göyçayda 9,6%, Şəmkirdə 9,1% təşkil edib.
Bütün göstəricilər üzrə azalma koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyətin bütün dünyada turizm sənayesinə son dərəcə mənfi təsir göstərməsi ilə əlaqədardır.*
N.Abbasova