İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaxın vaxtlarda İran, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi barədə məlumat verib.
"Yaxın vaxtlarda İranda Azərbaycan, İran və Türkiyə XİN başçılarının görüşü keçiriləcək", - deyə Zərif Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İran və Türkiyənin Cənubi Qafqazda əməkdaşlığı şübhəsiz ki, region ölkələrinə fayda gətirəcək.
"Hazırda regionun 6 ölkəsinin əməkdaşlığı üçün platforma hazırlanıb. Biz müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirə bilərik. Ümid edirik ki, bu baş verəcək", - deyə iranlı nazir əlavə edib.
Çavuşoğlu isə öz növbəsində, vurğulayıb ki, hazırda Cənubi Qafqazda atəşkəs rejimi hökm sürür, lakin onun daimi olması üçün səy göstərmək lazımdır. "Cənubi Qafqazda atəşin dayandırılması hər kəsin xeyrinədir, lakin bundan ən çox Ermənistan və erməni xalqı faydalanacaq", - deyə o vurğulayıb.
Türkiyənin xarici işlər naziri əlavə edib ki, Cənubi Qafqazda əməkdaşlıq "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, İran və Rusiya – İF) formatında planlaşdırılır. "Cənubi Qafqazda sülh və sabitlik bütün tərəflərin maraqlarına uyğundur, bu regionda normallaşma region ölkələrinin xeyrinə olacaq. Ermənistanın bu istiqamətdə konstruktiv addımlar atacağını gözləyirik", - deyə Çavuşoğlu bildirib.*
N.Abbasova