Yanvarın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Z.Həsənov Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu qeyd edərək iki ölkə arasında hərbi əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu əməkdaşlığın inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını deyən nazir bu münasibətlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsi və inkişafına müsbət təsir göstərdiyini xüsusi vurğulayıb”, - deyə məlumatda bildirilir.
Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə sona çatmasında Türkiyənin mənəvi dəstəyinin böyük rol oynadığını xüsusi vurğulayan müdafiə naziri Türkiyənin dövlət rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.
“Tərəflər hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına xidmət etdiyini əsas gətirilərək bu istiqamətdə, xüsusilə hərbi-texniki əməkdaşlıq və birgə təlimlərin keçirilməsi sahəsində səylərin daha da artırılmasının zəruriliyini qeyd ediblər. Bildirilib ki, Azərbaycan ilə Türkiyə arasında keçirilən hərbi təlimlər hər iki ölkə ordularının şəxsi heyətinin peşəkarlığının artırılması ilə yanaşı bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin qorunub-saxlanılmasına xidmət edir. Görüşdə regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov