2020-ci ildə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 1 milyard 177,632 milyon sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 42,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 2 milyon 124,6 min nəfər (azalma 44,8%), dəniz nəqliyyatı ilə 20,4 min nəfər (azalma 8,1%), hava nəqliyyatı ilə 577,9 min nəfər (azalma 78,6%), metro vasitəsi ilə 74 milyon 709,3 min nəfər (azalma 68,4%) daşınıb.
Bundan başqa, 2020-ci ildə avtomobil nəqliyyatı vasitələri ilə 1 milyard 100 milyon 200,3 min sərnişin (azalma 39,3%), avtobuslarla 1 milyard 55,266 milyon sərnişin (azalma 39,4%), taksilərlə 44,933 milyon sərnişin (azalma 37,5%) daşınıb.
Xəbər verildiyi kimi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar martın ikinci yarısından etibarən Azərbaycanda aviareyslərin həyata keçirilməsi dayandırılıb.
Bundan başqa, mart ayında metro, ölkənin regionlarına avtobuslarla daşımalar dayandırılıb, dəmir yolu ilə sərnişin daşımaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.
Metropolitenin fəaliyyəti mayın 9-dan bərpa olunsa da, koronavirusa yoluxanların sayının artması səbəbindən iyulun 4-dən yenidən dayandırılıb, sentyabrın 14-dən isə bərpa olunub. Oktyabrın 19-dan 2021-ci il yanvarın 31-dək metropolitenin fəaliyyəti yenidən dayandırılıb.**
B.Rüstəmbəyov