İqtisadiyyat Nazirliyi və “Azərbaycan Coca-Cola Bottlers” MMC arasında Azərbaycanda yeni zavodun tikintisi barədə Anlaşma Memorandumu imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Facebook səhifəsində yazıb.
Memorandum Azərbaycanın regionlarından birində Coca-Cola şirkətinin işkilərinin istehsalı üzrə yeni zavodun tikintisini nəzərdə tutur.
“Bu layihə ölkənin regionlarına sərmayələrin dəstəklənməsi, qeyri-neft sektorunun inkişafı və iqtisadi fəallığın artmasına şərait yaradacaq”, - Cabbarov yazıb.
Öz növbəsində, İqtisadiyyat Nazirliyindən “İnterfaks-Azərbaycan”a məlumat verilib ki, investisiya planına əsasən, zavodun tikintisinə sərmayələr 30 milyon dolları ötəcək.
“Zavodun tikintisi üçün İsmayıllı, Oğuz və ya Qəbələ rayonlarının birində beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal zavodu quracaq.yer seçmək planlaşdırılır. Müəssisədə 100-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur”, - nazirlikdən qeyd olunub.
Coca-Cola şirkəti 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərir və ölkəmizin qeyri-neft sektorunda ən böyük xarici investorlardan biridir. “Azərbaycan Coca-Cola Bottlers” MMC indiyədək ölkə iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb və dövlət büdcəsinə 300 milyon manatdan artıq vergi ödəyib. **
B.Rüstəmbəyov