Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xüsusilə, prezident Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak edib. 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan mərkəzi xəstəxana, Abşeron rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin köçürülməsi nəzərdə tutulub.
O cümlədən, dövlət başçısı Abşeron rayonunun Xırdalan şəhərində 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olub. Bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib.
Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib. Bakı şəhərinin dairəvi elektrik təchizatı üzrə 60%-ni elektrik enerjisi ilə qidalandıran bu yarımstansiyaya Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından 108 kilometr məsafədə elektrik ötürmə xətti çəkilib. Bu, Mingəçevir şəhərindəki generasiya mənbələrindən asılılığı azaltmağa xidmət etməklə yanaşı, paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsində əvəzsiz rol oynayır. **
B.Rüstəmbəyov