Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2020-ci ildə Rusiyadan ölkəyə taxıl və kartof tədarükündə tələblərə cavab verməyən 45 fakt aşkarlayıb. "İnterfaks-Azərbaycan" agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) yaydığı məlumatda bildirilir.
Bu və digər məsələlər fevralın 5-də “Rosselxoznadzor”un rəhbərinin müavini Anton Karmazin ilə AQTA-nın rəhbərlərinin müavinləri Zəkiyyə Mustafayeva və Balarəhim Quliyev arasında keçirilmiş videokonfransda müzakirə edilib.
“Azərbaycan tərəfi qeyd edib ki, ölkə tərəfindən alınan taxılın ümumi həcminin 90%-dən çoxu Rusiya məhsullarının payına düşür. Azərbaycan Rusiya ilə məhsuldar ticarət əlaqələrini yüksək qiymətləndirir. Bununla yanaşı, AQTA 2020-ci ildə Rusiyadan ölkəyə taxıl və kartof tədarükündə tələblərə cavab verməyən 45 faktın aşkar edilməsindən narahatdır. Buğda tədarükündə 36 halda bu məhsulun yabanı otlarla qarışıq halda olduğu, 1 halda qarğıdalı və 8 halda nematoda yoluxmuş kartof müəyyən edilib”, - deyə məlumatda qeyd olunur.
AQTA aşkar etdiyi pozuntular barədə “Rosselxoznadzor”a bildirişlər göndərmədiyini təsdiqləyib.
A.Karmazin ölkələr arasında ticarət əməkdaşlığının vacibliyini vurğulayaraq, Rusiyadan Azərbaycana hər il təxminən 1,5 milyon ton taxıl və ondan emal olunan məhsulların göndərildiyini bildirib. “İdxalçı ölkələrin taxıl tədarükündə tələblərinin yerinə yetirilməsini təmin etmək “Rosselxoznadzor”un prioritet vəzifəsidir”, - deyə o əlavə edib.
A.Karmazin Azərbaycan tərəfinə Rusiya taxılında aşkarlanan uyğunsuzluqlarla bağlı hər hal üzrə rəsmi bildiriş göndərilməsini xahiş edib. O, hər bir halın hərtərəfli araşdırılacağını və bu hallara yol verən ixracatçılara qarşı müvafiq tədbirlər görüləcəyini qeyd edib.
Videokonfrans zamanı, həmçinin iki ölkənin fitosanitariya sahəsində informasiya sistemlərinin inteqrasiyası məsələsi də müzakirə edilib.
“Tərəflər bu işin vacibliyini bildirib və xidmətlərin məsul mütəxəssisləri səviyyəsində texniki məsləhətləşmələrin aparılması barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd edilir.*
B.Rüstəmbəyov