Azərbaycan Səhiyyə Nazirliyi “Sputnik V” vaksininin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqi üçün Azərbaycanda kliniki tədqiqatların aparılması üçün icazə verdi. Bu barədə Rusiyanın “R-Farm” şirkəti məlumat verir.
“Bu tədqiqatlar fevral ayının sonuna qədər başlanacaq”, - şirkətin məlumatında qeyd olunur.
Daha əvvəl N.F.Qamaleya adına Elmi-Tədqiqat Mərkəzi, Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF), “AstraZeneca” şirkəti və “R-Pharm" Şirkətlər Qrupu koronavirus vaksininin hazırlanması sahəsində Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə 2020-ci ilin dekabr ayında əməkdaşlıq haqqında birgə memorandum imzalayıb.
Dünyada vaksinlərin ilk birgə tətbiqi 24 dekabr 2020-ci ildə qeydə alınan kliniki sınaqların protokolu çərçivəsində həyata keçirilir.
“Tədqiqatlar “Sputnik V” vaksininin və Oksford Universiteti ilə birgə “AstraZeneca” şirkəti tərəfindən işlənib hazırlanmış vaksinin kombinasiya edilmiş tətbiqinin immunogenliyini və təhlükəsizliyinin qiymətləndirilməsini nəzərdə tutur. Tədqiqat proqramı bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır”, - şirkətdən vurğulanır. **
R.Əhmədov