Dövlət Gömrük Komitəsi (DGK) 2021-ci ilin yanvar ayında dövlət büdcəsinə 282 milyon 736,5 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar ayında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 333 milyon 701,3 min manat təşkil edib. Beləliklə, 2021-ci ilin yanvar ayında dövlət büdcəsinə köçürmələr 15,3% azalıb.
Hesabat dövründə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 193 milyon 741,1 min manat (azalma 17,9%), aksizlər üzrə 9 milyon 107,1 min manat (azalma 5,9%), yol vergisi üzrə 2 milyon 763,6 min manat (azalma 26,4%) təşkil edib.
Bundan başqa, bu dövrdə gömrük rüsumları üzrə köçürmələr 77 milyon 124,7 min manat (azalma 8,6%) məbləğində olub.
2021-ci il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3,9 milyard manat təşkil edir.*
Ə.Məmmədov