2021-ci ilin yanvar ayında Azərbaycan əhalisi ticarət obyektlərindən 3 milyard 154,8 milyon manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 1 milyard 665 milyon manat (2020-ci ilin yanvar ayı ilə müqayisədə artım 1,8%), qeyri-ərzaq mallarının alınmasına 1 milyard 489,8 milyon manat (azalma 4,8%) sərf olunub.
2021-ci ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 52,8%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 5,1%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 26,9%-i ticarət müəssisələri, 49,8%-i fərdi sahibkarlar tərəfindən, 23,3%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 12,2% artıb, fərdi sahibkarlar üzrə 0,1%, bazar və yarmarkalarda 15,7% azalıb.
2021-ci ilin yanvar ayında ticarət şəbəkəsində bir ölkə sakini 168,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,4 manatlıq qeyri-ərzaq malları alıb.
2020-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 1,3% azaldıb.*
B.Rüstəmbəyov