2020-ci ildə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 3,758 ton narkotik vasitə müsadirə edilib ki, bu da 2019-cu ilin göstəricisindən 13,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 2,341 tonunu heroin, 904,5 kiloqramını marixuana, 277,9 kiloqramını tiryək, 65,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 1,3 kiloqramını kokain, 168,2 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib”, - deyə məlumatda bildirilir.
2020-ci ildə ölkədə qeydə alınmış cinayət hadisələrinin 5,252 mini və ya 20,2%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2019-cu ilin göstəricisindən 19,8% çoxdur.
“Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 4,233 min nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 29,4%-ni əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib”, - deyə məlumatda məlumatda qeyd olunur.
Cinayət törədənlərin 70,9%-i heç yerdə işləməyən və oxumayanlar, 25%-i 18-29 yaşda olan şəxslər, 0,1%-i 14-17 yaşda olan uşaqlar, qalan faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.*
X.Nəsirzadə