Rəsmi Cakarta Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakının mövqeyini həmişə dəstəkləyib. Bunu Prezident İlham Əliyev deyib.
“Biz işğal illəri ərzində İndoneziya tərəfindən Azərbaycana davamlı dəstəyin göstərilməsinə görə xüsusilə minnətdarıq. İndoneziya BMT Baş Assambleyası, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı tərəfindən qəbul edilmiş dəstək xarakterli qətnamələrə həmişə qoşulub və Azərbaycanın haqq işini dəstəkləyib”, - deyə dövlət başçısı fevralın 16-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edərkən bildirib.
O qeyd edib ki, İndoneziyanın uzun illər ərzində göstərdiyi siyasi dəstək münaqişənin həlli üçün Azərbaycanın mövqeyini, çox möhkəm hüquqi bazanın yaradılması prosesini gücləndirib.
“Münaqişə zamanı hökumətiniz Azərbaycana dəstəyini ifadə etmişdir, biz bunu yüksək qiymətləndiririk. Xarici İşlər Nazirliyi erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına dəstək olaraq bəyanat vermişdir. Biz buna görə sizə çox minnətdarıq”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident İndoneziya şirkətlərini işğaldan azad edilmiş ərazilərin inkişafında iştirak etməyə dəvət edib. Onun sözlərinə görə, bu, iki ölkə arasında münasibətləri möhkəmləndirəcək.
“Azərbaycan öz ərazilərini azad etdikdən və ərazi bütövlüyünü bərpa etdikdən sonra iqtisadi əməkdaşlıq üçün böyük imkanlar var, həmçinin işğaldan azad olunmuş torpaqlarda da. Biz planlaşdırdığımız müxtəlif layihələri icra etmək, həmçinin birliyimizi nümayiş etdirmək üçün İndoneziya şirkətlərini tərəfdaşlarımız, podratçılarımız qismində görmək istəyirik. Bu, bizim planımızdır”, – deyə İ.Əliyev vurğulayıb.*
X.Nəsirzadə