Trans-Anadolu qaz kəmərinin (TANAP) ötürmə gücünün 20%-i əlavə sərmayə qoyuluşu olmadan Avropaya hidrogen nəqli üçün istifadə edilə bilər. Bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.
"Neft-qaz şirkətləri dəyişən enerji mühitinə uyğunlaşmalıdırlar. Bərpa olunan mənbələrdən, nüvə və digər mənbələrdən istehsal edilə bilən hidrogen təbii qaz şəklində boru kəmərləri ilə nəql edilə bilər. Biz hidrogen texnologiyalarını BP şirkəti, eləcə də Almaniya və Yaponiya şirkətləri ilə müzakirə edirik", - deyə E.Nəsirov Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin "Enerji diplomatiyası və transatlantik əməkdaşlıq: CQD-nin açılışı" mövzusunda keçirdiyi görüşdə bildirib.
Onun sözlərinə görə, “bu baxımdan biz araşdırmalarımızı və TANAP vasitəsilə Avropaya hidrogen nəqlinin təhlilini başa çatdırmşıq. Bu boru kəmərinin gücünün 20%-i heç bir əlavə investisiyalar olmadan hidrogen nəqli üçün istifadə edilə bilər", - deyə o qeyd edib.
Vitse-prezident əlavə edib ki, təbii qaz ən təmiz yanacaq növüdür.
Nəsirov xatırladıb ki, Cənub Qaz Dəhlizinin tikintisi başa çatdıqdan sonra SOCAR Avropa bazarlarına qaz nəqlinə başlayıb. “Balkanlardan başlayaraq yeni bazarlara çıxmaq istəyirik”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, SOCAR, həmçinin Balkanlarda əlavə bazarlara çıxmaq məqsədilə Şərqi Aralıq dənizindən digər qaz mənbələri üçün tranzit marşrutu kimi TANAP-dan istifadə olunmasının tərəfdarıdır.
"İsrail qazının TANAP vasitəsilə Şərqi Aralıq dənizi regionundan Avropaya nəqli iqtisadi cəhətdən ən məqbul variantdır və biz onu dəstəkləyirik", - deyə SOCAR-ın vitse-prezidenti qeyd edib.
TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının nəqlinə 2018-ci il iyunun 30-da başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcək. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
TANAP-ın səhmdarları SOCAR (51%), “SOCAR Turkiye Enerji” (7%), BOTAS (30%) və BP (12%) şirkətləridir. Layihə üzrə faktiki xərclər $6,5 milyard təşkil edib.
“Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Avropaya nəql illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən Trans-Adriatik qaz kəməri (TAP) ilə həyata keçirilir.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin ilkin dəyəri $45 milyard təşkil etsə də, daha sonra bu məbləğ $33 milyarda qədər azaldılıb.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.*
N.Abbasova