31 yanvar 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 31 milyard 944,8 milyon manat təşkil edir. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixinə bankların aktivləri 32 milyard 55,3 milyon manat məbləğində olub. Beləliklə, yanvarda bankların aktivləri 0,3% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Yanvarın sonuna bankların kredit portfeli 14 milyard 213,8 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,4% - İF) təşkil edir.
2021-ci il yanvarın 31-nə Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 720,7 milyon manat (artım 0,5% - İF) təşkil edir.
Hesabat dövrünün sonuna bankların öhdəlikləri 27 milyard 224,1 milyon manata (azalma 0,5%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 374,1 milyon manat məbləğində (azalma 0,1%) qiymətləndirilir. Fevralın əvvəlinə banklarda depozit portfeli 20 milyard 288,5 milyon manat (azalma 2,1%), o cümlədən, əhalinin əmanətləri 8 milyard 79,6 milyon manat (artım 0,4%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2021-ci ilin yanvar ayında Azərbaycanda bankların ümumi xalis mənfəəti 25,4 milyon manat təşkil edib (2020-ci ilin yanvar ayı ilə müqayisədə azalma 48,6%).
Hesabat dövründə bankların faiz gəlirləri 163,1 milyon manat (azalma 2,6%), o cümlədən verilmiş kreditlər üzrə 129,7 milyon manat təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 49,6 milyon manat məbləğində olub (azalma 1%).
Bu dövrdə bankların faiz xərcləri 91,5 milyon manat (azalma 2,6%), o cümlədən depozitlər üzrə 27,6 milyon manat, qeyri-faiz xərcləri 91,5 milyon manat təşkil edib (azalma 2,6%).
Yanvarın yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 71,2 milyon manat təşkil edib (azalma 0,3%).
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 34,4 milyon manat məbləğində qiymətləndirilir (azalma 37,6%), hesabat dövründə mənfəət vergisi üzrə ödənişlər 9 milyon manat təşkil edib (artım 57,9%).
31 yanvar 2021-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Yanvarın sonuna bankların 456 filialı (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,2%) və 108 şöbəsi (azalma 0,9%) var.
Azərbaycanın bank sektorunda 18,724 min nəfər (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,1% - İF) çalışır.**
Ə.Məmmədov