2021-ci ilin yanvar ayı ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 16,9 milyon manat məbləğində ipoteka krediti verilib, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 2,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a AMB-dən məlumat verilib.
Məlumata görə, hesabat ayı ərzində İKZF 19,9 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (2020-ci ilin yanvar ayı ilə müqayisədə artım 3,2 % - İF).
2021-ci ilin yanvarında Fond sosial ipotekanın aliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb.
2020-ci ildə İKZF-nin agent bankları tərəfindən 257,5 mln. manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
X.Nəsirzadə