Rusiya-Türkiyə Monitorinq Mərkəzi postmüharibə dövrü üçün çox önəmli alətdir. Bu sözləri prezident İlham Əliyev deyib.
“Monitorinq Mərkəzinin əsas məqsədi postmüharibə dövrünə nəzarət etmək, monitorinq aparmaq, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə edərək bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın və əgər olarsa kim bunu törədib, təşəbbüskar, günahkar kimdir, bunu təsbit etməkdir”, - deyə dövlət başçısı bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Azərbaycan Montorinq Mərkəzini öz vəsaiti hesabına Ağdam rayonunda yaradıb.
“İndiyədək təxribatçı qrup istisna olmaqla, heç bir ciddi qarşıdurma olmayıb. Hesab edirəm ki, Monitorinq Mərkəzi postmüharibə dövrü üçün çox önəmli bir alətdir”, - deyə prezident əlavə edib.
O vurğulayıb ki, Rusiya sülhməramlı missiyasının fəaliyyətini müsbət hesab edir. “Hesab edirəm ki, onların fəaliyyəti müsbətdir. Missiyanın mandatı 5 il müddətinə nəzərdə tutulub. Azərbaycanda Rusiya sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı o qədər də dəqiq olmayan fərziyyələr irəli sürülür. Hesab edirəm ki, bu sülhməramlı kontingent Azərbaycan əhalisinin azad edilmiş torpaqlara qayıtmasında müsbət rol oynayacaq”, – deyə İ.Əliyev qeyd edib.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan öz ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşdirilməsini planlaşdırmır.*