Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin 3-cü görüşü fevralın 27-nə nəzərdə tutulub. Bunu Prezident İlham Əliyev deyib.
"Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü sabaha nəzərdə tutulub. Ancaq mənə hələ də məruzə edilməyib ki, bu görüş Ermənistan tərəfindən təxirə salınıbmı, görüş baş tutacaq yoxsa yox", - deyə İ.Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əgər Ermənistan tərəfi görüşün təxirə salınması təşəbbüsü ilə çıxış etsə, bu, anlaşılandır. "Yəni bu, təxirə salınsa da, anlaşılan olacaqdır. Ancaq yenə də bu, Ermənistanda gələcəkdə baş verəcək hadisələrdən, oradakı siyasi mübarizənin nəticələrindən asılı olacaqdır. Amma bu, bizim planlarımıza təsir etməyəcək. Artıq bizim regionun gələcəyi ilə bağlı aydın fikrimiz var.Bu, Azərbaycan, Türkiyə, İran və Rusiya arasında körpülərin yaradılmasıdır", - deyə İ.Əliyev qeyd edib.
"Ona görə də Ermənistan burada hər hansı bir mənfi addım atmağa cəhd etməməlidir. Onların çoxtərəfli əməkdaşlıq formatı yoxdur. Amma hesab edirəm ki, Ermənistanda siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan buna böyük mənada təsir edə bilməz və etməməlidir", - deyə prezident əlavə edib.*